Təhsildə diferensial təlim nədir?

Bütün şagirdlərin var gücü ilə işləməsi, öyrənmədən həzz alması, proqram materialının şüurlu və dərindən mənimsəməsi, inkişaf etməsi vacibdir. İnklüziv məktəblərdə həm sosial qrupa xas ümumi cəhətləri olan, həm də fərdi, xüsusi inkişaf xüsusiyyətlərinə malik uşaqlar oxuyur. Bu məktəblərdə təhsil alan şagirdlər psixi fəaliyyətin xüsusiyyətlərinə, fiziki inkişafına, bacarıqlarına, maraqlarına və s. görə bir-birindən fərqlənirlər. Müəllim birinci sinifdən təlimi orta səviyyəyə, yəni orta inkişafı, orta hazırlıq səviyyəsi, orta öyrənmə bacarığı olan şagirdlərə uyğun təşkil edir. Bu isə ona gətirib çıxarır ki, istedadlı uşaqların inkişafı süni olaraq dayandırılır, onlardan zehni gərginlik tələb etməyən təlim prosesinə maraq itir. “Zəif” şagirdlər isə əksinə, xroniki geri qalmaya düçar olurlar, həmçinin onlardan həddindən artıq zehni gərginlik tələb edən təlimə marağı itirirlər. Bu zaman müəyyən suallar ortaya çıxır:

CELT Beynəlxalq Məktəbi Kanadada təhsil üzrə 9,10,11 və 12-ci siniflər üçün QƏBUL ELAN EDİR! Ətraflı məlumat üçün bu linkə daxil olun.

  1. 45 dəqiqə müddətində hamı üçün keyfiyyətli təhsili necə təmin etmək olar? Yəni təlim prosesini həm “zəif”, həm də “güclü” uşağın səviyyəsinə uyğun necə qurmaq olar?
  2. Vaxtı necə rasional istifadə etmək olar?
  3. Şagirdlərin öyrənmə marağını necə artırmaq olar?
  4. Şagirdləri müstəqil işləməyə necə alışdırmaq olar?

Bunun üçün təlimi diferensial yanaşma üzərində qurmaq tövsiyə edilir. Bu zaman fərdi xüsusiyyətlərindən, hazırlıq səviyyəsindən asılı olaraq şagirdlər proqram materiallarını müxtəlif dərinlikdə öyrənəcək və bütün uşaqlar dərs zamanı təlim prosesinə cəlb olunacaqlar. “Diferensiasiya” (difference) latın dilindən tərcümədə “bölünmə” deməkdir, yəni bütövün müxtəlif hissələrə, formalara, səviyyələrə ayrılmasıdır. Bu, müxtəlif qrup şagirdlərin hərtərəfli təhsilini təmin edən metodiki, psixo-pedaqoji və təşkilati tədbirlər kompleksidir. Diferensiasiyanın məqsədi hər kəsin öz bacarığı, imkanları səviyyəsindən öyrənməyə davam etməsini təmin etməkdir.  

Müxtəlif məhdudiyyətləri, əqli əlilliyi, psixi inkişaf ləngiməsi, intellektual passivliyi olan şagirdlərin diferensial təlimə xüsusi ehtiyacı var. Belə ki, onların öyrənmə aktivliyi və bacarıqları aşağı olduğu üçün vaxtında və düzgün seçilməmiş təlim üsulu onları “xroniki” geri qalanlar kateqoriyasına daxil edə bilər. Bu uşaqlar oyunlar və praktik fəaliyyət zamanı intellektual cəhətdən inkişaf edirlər. Onlar üçün aktiv zehni fəaliyyətdən qaçmaq cəhdi xarakterikdir. Təlim prosesini qurarkən onların psixi xüsusiyyətlərini  ̶  biliklərin ləng formalaşmasını, intellektual passivliyi, zehni fəaliyyət zamanı yorğunluğu nəzərə almaq lazımdır. İlkin vaxtlarda bu uşaqlar üçün optimal üsul: nisbətən zəif templə daha çox əyanilikdən və konkret təlimatlardan ibarət, həll üsulu şagird tərəfindən göstərilə bilən, getdikcə müstəqil işləməyə imkan verən və ağırlıq səviyyəsi tədricən artan tapşırıqlardan istifadə etməkdir.

Diqqəti öyrənmə maraqlarını inkişaf etdirən motivasiyaya yönəltmək vacibdir. Bu şagirdlərlə işin xarakterik xüsusiyyəti aktiv təsir prinsipinə əsaslanaraq onların özləri barədə formalaşmış “bacarıqsızlıq” və “çatışmazlıq” fikirlərini dağıtmaqdır. Beynəlxalq təcrübəyə əsaslanan tədqiqatlar göstərir ki, dayanıqlı geriləməni aradan qaldıran amillər – şagirdin öz gücünə, öyrənmə bacarığına və imkanlarına inamıdır. Əlilliyi və ya məhdudiyyəti olan şagirdləri tədris materialını anlaya və öyrənə biləcəyinə inandırmaq (real göstərmək) lazımdır: “Çətindir, o demək deyil ki, mümkünsüzdür”.

Diferensial yanaşma diqqətin yalnız “zəif” şagirdlərə ayrılması deyil, həm də yüksək zehni inkişafı, müxtəlif fəaliyyət növlərinə meyilli və bacarıqlı, öyrənməyə yüksək maraq göstərən şagirdlərə də yönəlməsidir. Məktəbdə bütün uşaqların bacarıqlarının hərtərəfli inkişafını təmin edən şərait yaradılmalı, müəyyən sahələrə dərin maraq göstərən, bacarıq və meyilləri olan şagirdlər müəyyən edilməlidir. Bütün şagirdləri bərabərləşdirən deyil, hər kəsin öz fərdi xüsusiyyətinə uyğun olan və onların hərtərəfli inkişafını təmin edən yanaşma lazımdır.

Fərqlilik intellektin növlərində də özünü göstərir: bəzi şagirdlərdə məntiqi-riyazi, başqalarında verbal-linqvistik, digərlərində isə bədən-kinestetik intellekt üstünlük təşkil edir (Bu barədə daha geniş məlumatı Hovard Qardnerin “Çoxşaxəli intellekt” kitabında tapa bilərsiniz). Tədris prosesi onların hər birinin inkişafına yönəldilməlidir.

Məhz buna görə də tədris zamanı, xüsusilə də yeni material təqdim olunarkən əyani vasitələrdən istifadəyə geniş yer verilməlidir. Məsələn, sxemlər, rəsmlər, plakatlar, mövzunu əks etdirən kartlar və s. Şagirdlərin təfəkkürünün fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris materialının izahına xüsusi tələb irəli sürülür. O, yalnız informativ və əlçatan deyil, həm də emosional, rəngarəng, şagirddə müəyyən təsəvvür, əyani obrazlar yaradan olmalıdır. Uşağın fərdi xüsusiyyətini nəzərə alaraq şəxsiyyətin inkişafına optimal şərait yaratmaq lazımdır.

Diferensial təlimin müsbət tərəfləri:

  1. ”Güclü” şagirdlərə vaxt ayırmaq imkanı olur;
  2. “Zəif” şagirdlərə diqqət ayırmaq və nəzarət etmək olur;
  3. “Zəif” şagirdin özünuqiymətləndirməsi yüksəlir (Mən-konsepsiya səviyyəsi yüksəlir);
  4. “Güclü” şagirdlərin motivasiya səviyyəsi yüksəlir.

Diferensial təlimin mənfi tərəfləri:

– “Zəif” şagirdlər “güclü”lərin ardınca gedə bilmirlər: “zəif” qruplarda motivasiya səviyyəsi azalır.

Diferensiasiyanın iki növü qeyd edilir:

  1. Xarici diferensiasiya

Xüsusi məktəblərin, siniflərin və məktəbdaxili idraki və bədii dərnəklərin yaradılması nəzərdə tutulur.

  1. Daxili diferensiasiya

Sinifdaxili işin təşkili nəzərdə tutulur.

Sinifdaxili diferensiasiyanın mərhələləri:

  1. Qrupların yaradılması üçün meyarların müəyyənləşdirilməsi.
  2. Seçilmiş meyarlar əsasında diaqnostikanın aparılması (daha dəqiq məlumatı müxtəlif səviyyəli yoxlama işləri təmin edir).
  3. Diaqnostikaya əsasən şagirdlərin qruplara ayrılması.
  4. Diferensiasiya üsullarının müəyyənləşdirilməsi, diferensial tapşırıqların hazırlanması.
  5. Dərsin müəyyən mərhələlərində diferensial yanaşmanın həyata keçirilməsi.
  6. Nəticələrə diaqnostik nəzarət. Bunun əsasında qrupların tərkibi, diferensial tapşırıqların xarakteri dəyişə bilər.

Bu halda dərsi necə təşkil etmək olar?

Nümunə: Sinfi 3 qrupa bölərək hər bir qrupla fərdi iş aparmaq olar (qrup üzvlərinin sayı və tərkibi dəyişə bilər). Dərs zamanı iş 6-8 nəfərdən ibarət kiçik qruplarda aparılır. Dərsdə hər qrup müəllimlə 7-10 dəqiqə işləyir. Bu, səmərəli və intensiv iş üçün optimal müddətdir. Beləliklə, 45 dəqiqə müddətində hər qrup müəllimlə işləyə bilir, yəni müəllim hər bir uşağa diqqət yetirir.

Bu üsulun üstünlüyü ondan ibarətdir ki, müəllim öz diqqətini uşaqlar arasında bərabər paylaya bilir. Müəllim növbəti qrupla işlədiyi müddətdə digər qruplar tapşırığı müstəqil yerinə yetirir. Diferensiasiya əlavə çətinlik yaratmır və yeni materialın ötürülməsinin, öyrənilməsinin, tapşırığın sayının, işin sürətinin və s. xarakterini dəyişməyə imkan verir. Bu üsul hər bir uşağın funksional vəziyyətini, işləmə bacarığını, yorğunluğunu nəzərə alır və lazım gələrsə, dərs zamanı dincəlmək, vəziyyəti dəyişmək, səmərəli idman dəqiqələri keçirtmək, gərginliyi azaltmaq üçün şərait yaradır.

Diferensiasiyanın digər üstünlüyü odur ki, şagirdlərdə müstəqil iş bacarığı inkişaf edir və daha çox diqqətə ehtiyacı olan şagirdlərə əlavə vaxt ayırmağa imkan yaradır. Müşahidələr göstərir ki, şagirdlər müəllimlə “təkbətək” işləməyə, öz suallarını verməyə, izahını almağa üstünlük verirlər.

Qeyd etmək lazımdır ki, qrupun tərkibi dəyişə bilər və mütləq dəyişməlidir. O, müxtəlif dərslərdə fərqli olur, belə ki, diferensiasiya müxtəlif meyarlara görə aparıla bilər.

Diferensiasiyanın müəyyənləşdirilməsi üsulları. Dərsdə diferensial təlimə ehtiyac olub-olmadığını müəllim dərsin tipinə, məqsədinə və məzmununa uyğun olaraq müəyyənləşdirir. Tətbiqetmə və təkrar zamanı diferensial yanaşmadan daha çox istifadə olunur.

Diferensiasiyanı aşağıdakı üsullarla həyata keçirmək olar:

  • Yaradıcılıq səviyyəsinə görə (qeyri-yaradıcı tapşırıqlara aiddir: nümunə üzərində iş, faktoloji sualların cavablandırılması, misal həlli  və s. Yaradıcı tapşırıqlar isə qeyri-standart nəticələr ehtiva edir: esse yazmaq, təxəyyülə əsaslanan şəkil çəkmək, rollu oyunda iştirak və s.);
  • Çətinlik səviyyəsinə görə;
  • Həcminə görə (mövzuya uyğun əlavə tapşırıqlar təklif oluna bilər);
  • Müstəqillik səviyyəsinə görə (bütün uşaqlar eyni tapşırığı yerinə yetirir, bəziləri müstəqil şəkildə, digərləri isə müəllimin köməyi və nəzarəti altında);
  • Öyrənmə fəaliyyətinin xarakterinə görə;
  • Şagirdlərə göstərilən köməyin xarakterinə görə (bütün uşaqlar eyni vaxtda işə başlayırlar və köməyə ehtiyacı olan şagirdlərə bu şəkildə dəstək göstərilir: köməkçi kartlar; asan, lakin oxşar tapşırıqların verilməsi; yazı taxtasında qeydlər və s.).

Köməkçi kartlar bütün qrupdakı uşaqlar üçün eyni və ya fərdi seçilə bilər. Şagird bir neçə kart ala bilər. Hər dərs şagirdə göstərilən köməyin səviyyəsi azaldılmalıdır.

Kartlarda dəstəyin müxtəlif növlərindən istifadə oluna bilər:

  • tapşırığı yerinə yetirmə nümunəsi, həlli üsulu, mülahizə nümunəsi;
  • məlumat materialları;
  • qeydlər;
  • illüstrasiyalar, qısa yazılar, sxemlər;
  • xırda detallara diqqət yönəltmək;
  • köməkçi suallar;
  • tapşırığın həlli planı.

Diferensiasiyanın üsulları bir-biri ilə əlaqələnə, tapşırıqlar isə seçimə görə təklif oluna bilər.

Yeni materialın öyrənilməsi. Yeni mövzunun keçirilməsi zamanı şagirdlər arasında öyrənmə bacarıqları və zehni qabiliyyətlərinə görə fərqi nəzərə almaq lazımdır.  Şagirdlərin hansı təlimata ehtiyacı olduğunu və sərbəst iş üçün nə dərəcədə çətin tapşırıqlar bundan seçiləcəyi məhz bundan asılıdır. Dərs prosesinin digər hissələri ilə müqayisədə yeni materialın öyrədilməsi zamanı şagirdlərin bilik fərqlərini nəzərə almaq böyük əhəmiyyət kəsb etmir. Yeni materialın təqdimatı zamanı mümkün qədər müxtəlif analizatorlara (görmə, eşitmə, hərəkət və s.) istiqamətlənmək vacibdir, belə ki, bu, yaddasaxlama və anlamaya müsbət təsir göstərir.

Son nəticəyə köklənmə müəllimin keçdiyi materiala diferensial yanaşmasını müəyyən edir. Yeni materialın “zəif” şagird tərəfindən mənimsənilməsinə daha çox vaxt ayrılmalıdır, “güclü” şagirdlərə isə dərhal müstəqil tapşırıqlar verilə bilər.

Keçirilmiş materialın möhkəmləndirilməsi. Diferensiasiya tətbiqetmə mərhələsində də vacibdir. Burada şagirdlər müxtəlif səviyyəli və müxtəlif sayda tapşırıqlara  ehtiyac duyurlar. Dərsin bu mərhələsində “güclü” şagirdlərin onların bilik və bacarıqlarını genişləndirən və dərinləşdirən əlavə tapşırıqlar yerinə yetirmək üçün vaxtı yaranır. Tətbiqetmə mərhələsində öyrənməni elə təşkil etmək lazımdır ki, hər bir uşaq öz imkanları çərçivəsində hər dərs öyrənmə uğurunu hiss edə və əldə etdiyi bacarıqları təcrübədə istifadə edə bilsin. Tətbiqetmə mərhələsində diferensial yanaşmanın didaktik əsasını tapşırıqlar sisteminin seçimi təşkil edir. Bu cür tapşırıqlar sistemi aşağıdakıları özündə birləşdirir:

  • Məcburi səviyyəli tapşırıqların geniş spektoru (zəif və orta səviyyəli şagirdləri əhatə edən);
  • Tipik səhvlərin qarşısını almaq üçün tapşırıqlar;
  • Yüksək çətinlik səviyyəsi olan tapşırıqlar (güclü şagirdlər üçün).

Nəzarət və qiymətləndirmə həm şagirdlərin əldə etdiyi bilik və bacarıqların müəyyənləşdirilməsi, həm də lazım olarsa, bu biliklərin formalaşdırılması prosesinin məqsədəuyğun və vaxtında korreksiyasına yönəldilmiş olur. Şagirdin fəaliyyətinin nəzarəti və qiymətləndirməsi yalnız dinamikada, yəni əvvəl əldə etdiyi biliklərlə müqayisəli şəkildə aparılır və heç bir halda uşaqları bir-biri ilə müqayisə etməyi nəzərdə tutmur. Nəzarət və qiymətləndirmənin əsas funksiyası öyrənmə fəaliyyətinin yerinə yetirilməsinin gedişini izləmək, səhvləri vaxtında müəyyən etməkdir.

Qiymətləndirmə  zamanı uşaqlarda yaranan stresi minimuma salmaq vacibdir. Sinifdə abu-hava sakit və pozitiv olmalıdır. Müstəqil iş zamanı yaranan səhvlər tamamlanma və aradan qaldırılma üçün işarə olunur.

Beləliklə, diferensial təlim hər bir şagirdin maraq və qabiliyyətlərinə istinad edərək onun bilik və bacarıqlarının dərinləşməsinə və genişlənməsinə şərait yaradır, geriləməsini aradan qaldırır.

Leave a Comment