Sizə Təhsil Nazirliyinin qrant müsabiqələri ilə yanaşı
gənclərin inkişafına yönəlmiş digər qrant və startup müsabiqələri haqqında da
məlumat formatlı yazılar da təqdim edəcəyik. Bildiyiniz kimi Gənclər Fondu hər
il gənclərin müxtəlif ideyalarını reallaşdırmaq üçün müsabiqə elan edir. Bu
ildən isə müsabiqə formatını dəyişdi. Artıq Azərbaycan Respublikasının Gənclər
Fondu gənclərin sosial və ictimai əhəmiyyətli ideyalarının maliyyələşdirilməsi
ilə bağlı “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant
müsabiqəsinə” start verir. Müsabiqədə yalnız 16 – 29 yaş arası gənclər iştirak
edə bilər.
Elan edilmiş mövzular üzrə gənclərin bilik və bacarığının, təmsilçilik və qərar
qəbuletmə, eləcə də fəallığının artırılması ilə bağlı layihələr 11 mart
tarixindən etibarən GencAPP (genc.az) mobil tətbiqi və www.youthfoundation.az internet səhifəsi vasitəsilə müsabiqəyə təqdim
oluna bilər. Müsabiqə çərçivəsində maliyyələşdiriləcək mövzuların siyahısı gənclər və
gənclər təşkilatları ilə aparılan sorğular və gənclər siyasətinin prioritet
istiqamətləri əsasında müəyyən edilmişdir.
Müraciət prosesini asanlaşdırmaq məqsədilə gənclər layihələrini qeyd olunan
platformalar vasitəsilə artıq videotəqdimat şəklində göndərə biləcəklər.
Müsabiqədə tətbiq edilmiş daha bir yeniliyə əsasən gənclərin ideya və
layihələri bu gündən etibarən il boyu Gənclər Fondu tərəfindən qəbul ediləcək
və hər rübün sonunda qaliblər elan olunacaqdır. Belə ki, bir çox hallarda
təklif olunan layihələrin təxirəsalınmaz icrası tələb olunur və dövrü keçirilən
qrant müsabiqələrində həyata keçirilməsi layihənin faydasını və aktuallığını
azaltmış olur.
Qrant müsabiqəsinə aşağıdakı mövzular üzrə layihələr qəbul edilir.
1. Gənclərin yaşadıqları icmalarda müxtəlif sosial istiqamətlər üzrə faydalılıq göstəricilərinin artırılması;
2. Azərbaycanın təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin virtual və real rejimdə Dünya ictimaiyyətinə çatdırılması;
3. Gənclərin bərabər iştirakçılık və sosial inteqrasiyası;
4. Gənclərin maraq/hobbi sahəsinə uyğun olan fəaliyyətlər;
5. Gənclər arasında həvəskar müsabiqə, yarış və liqalarının təşkil edilməsi;
6. Paytaxt və regionlarda mövcud gənclər infrastrukturlarından optimal istifadənin təkmilləşdirilməsi;
7. Gənclər arasında sağlam həyat tərzinin təbliği;
8. Gənclərin vətənpərvərlik sahəsində maarifləndirilməsi;
9. İxtiraçılıq sahəsində innovativ beyin məhsullarının prototiplərinin və maketlərinin hazırlanması;
10. Sosial şəbəkələrdə gənclərin maraq dairələrinə uyğun olan maarifləndirici və əyləncəli layihələrin yaradılması;
11. Düzgün ixtisas seçimi üzrə gənclərin maarifləndirməsi;
12. Gənclərin mədəni və ictimai sahədə fəaliyyət təşəbbüsləri;
13. Gənclərin kinematoqrafiya sahəsində bilik və bacarıqlarının artırılması;
14. İKT və dizayn sahəsi üzrə gənclərin bilik və bacarıqlarının artırılması;
15. Gənclərin hüquqi məsuliyyət, ilkin hüquqi biliklər, maliyyə və iqtisadi mövzularında maarifləndirilməsi;
16. Gənclər arasında robototexnikaya marağın təşviq edilməsi;
17. Əqli, fiziki inkişaf üzrə klubların yaranması və gənclərin cəlb olunması;
18. Ucqar kəndlərdə yaşayan gənclər üçün bilik və bacarıqların artırılması;
19. Sosial həssas kateqoriyadan olan gənclərin inkişaf və iştirakçılıq səviyyəsinin artırılması məqsədilə yeni mexanizm və sosial “alət”lər;
20. Street art (graffiti) vasitəsilə gənclər arasında müxtəlif mövzular üzrə maarifləndirmə işinin təşkili;
21. Risk qrupuna daxil olan gənclərin işlə təmin olunması sahəsində ictimai maarifləndirilməsi;
22. Gənclərin müxtəlif peşə sahələrində bilik və bacarıqların öyrənilməsilə bağlı praktik vebinar, seminar və tədbirlər;
23. Yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə fəaliyyətləri;
24. Gənclər arasında ətraf mühit və ekoloji maarifləndirmənin təşkili;
25. STEAM təhsil sistemi ilə bağlı gənclərin maarifləndirilməsi;
26. Bullinglə (qısnama) bağlı gənclərin maarifləndirilməsi;
27. Gənclər arasında oxu, mütaliə və maarifləndirmə xarakterli tədbirlərin təşkili;
28. Gənclərin ilk tibbi yardım vərdişlərinə yiyələnməsi istiqamətində maarifləndirmə;
29. Sosial xidmət müəssisələrində layihələr;
30. Gigiyena qaydalarının təbliği ilə bağlı müxtəlif fəaliyyətlər;
31. Könüllülük fəaliyyətinin gənclər arasında təşviqi;
32. Gənclərin xarici dil biliklərinin təkmilləşdirilməsi;
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ildə təsis edilmiş Gənclər Fondu bu günə qədər 14 qrant müsabiqəsi çərçivəsində gənclər və gənclər təşkilatlarının 4 mindən artıq layihəsini maliyyələşdirmiş, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirməkdədir.
“İdeyanı Reallaşdır” – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində” iştirakla bağlı şərtlərlə bu linkdən tanış ola bilərsiniz.