Azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alması və akademik fəaliyyətlərdə qazandıqları uğurlar hər birimizi sevindirir. Biz daim gənclərimizin yüksək keyfiyyətli və prestijli universitetlərdə təhsil almaları üçün müxtəlif imkanlar yaradırıq.
Növbəti uğurun sahibi ABŞ-ın nüfuzlu Harvard Universitetinin Devis Mərkəzinin doktorant təqaüdçüsü adına layiq görülmüş Vüsal Quliyevdir. Bu il bütün dünyadan minlərlə namizəd arasından yalnız 18 nəfər Devis Mərkəzinin tədqiqatçı doktorantı adına layiq görülüb ki, onlardan biri də həmyerlimizdir. O, hazırda Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən və ölkənin ən prestijli diplomatiya məktəblərindən biri hesab olunan Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin siyasi elmlər üzrə doktorantı və eyni zamanda, Şanxay Hökümət Təqaüd Proqramının iştirakçısıdır. V.Quliyev həm də rəqabətin kifayət qədər yüksək olduğu və fakültə üzrə xarici tələbələr arasından yalnız bir namizədin seçilə biləcəyi Şanxay Şəhər Təqaüd Proqramının (A kateqoriyası üzrə) 2018-ci il üzrə qalibidir. Bununla yanaşı, Universitetlərarası Beynəlxalq Protokol çərçivəsində və təqaüd proqramının verdiyi imkanlar sayəsində doktorantura təhsilinin bir hissəsini Yaponiyanın Kyuşi Universitetində (2019) və Türkiyə Cümhuriyyətinin Ankara Universitetində (2020) xüsusi araşdırma qrupları ilə birlikdə beynəlxalq layihələrə imza ataraq davam etdirib.