30 APREL 2009 ADNA! Terrorizmə məruz qalan dünya universitetləri

Dünyanın  müxtəlif  ölkələri  mütəmadi olaraq  terror  hücumlarına  məruz qalır. Terror hücumları çox təəsüf ki, universitetlərdən də yan keçmir. Belə ki, bu gün ADNA -da baş verən terror hadisəsindən 12 il ötür. Bu terror hadisəsi dünya universitetlərində baş verən terror hadisələri siyahısında yer almaqdadır. ADNA -da baş verən dəhşətli terrorun qurbanlarını dərin hüznlə anıb, onlara Allahdan rəhmət diləyirik.

Sizə illər üzrə dünya universitetlərində baş verən terror hadisələrini təqdim edirik.

  1. 2002 – ci il iyulun 31-də Fələstinli silahlı qruplaşma olan HƏMAS tərəfindən İsrailin İbrani Universitetinin ( Hebrew University) Scopus Dağı şəhərciyində yerləşən korpusun Frank Sinatra Beynəlxalq Tələbə Mərkəzindəki izdihamlı bir kafedə nahar vaxtı terror aktı törədildi. Hücumda 5-i ABŞ tələbəsi olmaqla 9 nəfər həyatını itirdi və təxminən 100 nəfər yaralandı . Ölənlərin 6-sı qadın, 3-ü kişi idi. Yaralılar arasında israillilər, ərəblər, 4 amerikalı və 3 cənubi koreyalı tələbə vardı. Bombardıman yaz imtahan sessiyası dövründə, ibrani dili kursları tədris edilərkən baş verdi. Partlayışdan bir neçə dəqiqə sonra tələbələr hər tərəfi qan olan universitet binasından çıxarıldılar. Havadan tüsü və cəsədlərin qoxusu gəlirdi. Terror aktı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Kofi Annan və bəzi ölkələr tərəfindən qınandı. 2015-ci ilin fevralında, Manhattanın Federal Bölgə Məhkəməsindəki bir ABŞ hakimi tərəfindən , Fələstin Muxtariyyətini və Fələstin Azadlıq Təşkilatını bu terror hücumlarını dəstəklədiyinə və maliyyələşdirilməsində kömək etdiyinə görə məsuliyyət daşıdığını və 218,5 milyon dollar məbləğində təzminat ödəməsini tələb etdi.
  2. 30 aprel 2009-cu ildə səhər saatlarında bir nəfər silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Hücum nəticəsində ölənlərin sayı 13, yaralıların sayı isə 10 oldu. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marnueli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu bildirildi. Hadisəni törədən şəxs sonda özünü güllələyib.
  3. 28 Noyabr 2016-cı il tarixində Ohayo ştatında yerləşən Ohayo Dövlət Universitetinin “Watts Hall”nda, səhər 09:52 radələrində bir terror hücumu həyata keçirildi. Terrorçu, Somali qaçqını Abdul Razak Ali Artan, universitetin polis məmuru tərəfindən vurularaq öldürüldü və nəticədə 13 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi. Səlahiyyətli şəxslər, hücumun bir terror aktı olma ehtimalını araşdırmağa başladılar. Ertəsi gün hüquq-mühafizə orqanlarının rəsmiləri Artanın İraq Şam İslam Dövləti (İŞİD) və mərhum radikal müsəlman din xadimi Ənvər əl-Əvləkinin terror təbliğatından ilham aldığını bildirdi. Amaq Xəbər Agentliyi, təcavüzkarın İŞİD koalisiyasının vətəndaşlara hücum çağırışına cavab verdiyini iddia edən bir şərh yayımladı, lakin qrupla Artan arasında birbaşa təmasa dair bir dəlil tapılmadı. Qurbanlardan 9-u tələbə, 1-i müəllim və 1- universitet işçisidir. Qalan ikisinin kimliyinə dair məlumat yox idi. Qurbanların şəxsiyyətləri 30 noyabradək tam müəyyənləşdirildi və ictimaiyyətə açıqlandı.
  4. 2016-cı ildə Pakistanın Khyber Pakhtunkhwa əyalətinin Çarsadda şəhərindəki Bacha Xan Universitetinə terror hücumu oldu. Silahlı şəxslər, qalın səhər dumanının örtüyündən istifadə edərək, təqribən səhər 9.30-da universitetə daxil oldular və sinif otaqlarında, yataqxanada tələbələrə və müəllimlərə atəş açdılar. Terrorçular ilə Pakistan təhlükəsizlik qüvvələri arasında silahlı atışma baş verdi, təcili yardım maşınları əsas qapının qarşısında düzüldü. Terror anı Pakistan televiziyasında birbaşa yayımlanırdı, təşviş içində olan valideynlərin bir-birlərinə təsəlli vermələri, əsgərlərin şəhərciyə daxil olduğunu göstərən kadrlar efirdə göstərilirdi. Bir neçə saatdan sonra ordu dörd terrorçunun öldürüldüyünü və təmizləmə əməliyyatının bitdiyini söylədi. Günortadan sonra əyalət naziri hücum nətiəsində 30 nəfərin həlak olduğunu, ancaq ölənlərin sayının arta biləcəyini açıqladı. Sağ qalan 23 yaşlı Nasir adlı tələbə 50-dən çox cəsəd saydığını və silahlı şəxslərin fərq qoymadan önünə gələn hər kəsi hədəf aldğını bildirdi: “Onlar birbaşa tələbələrin başlarına atəş açırdılar.”
  5. Kerç şəhərində yerləşən Kerç Politenik Kollecində 2018-ci ildə çərşənbə günü bir tələbə tərəfindən hücum həyata keçirildi. Hücum zamanı 19 tələbə həyatını itirdi, 50-dən çox insan yaralandı, sonda hücum edən şəxs atəş açaraq özünü öldürdü. Bununla bağlı səlahiyyətli şəxslərin bir-birindən fərqli açılamaları oldu. Bəziləri qaz partlayışının olduğunu bildirsələr də daha sonra şahidlərin sözlərinə əsasən cəsədlərdə güllələrin aşkarlandığı ortaya çıxdı. Kırımın regional lideri Sergey Aksyonov televiziyada hücumu həyata keçirənin yerli bir tələbə olduğunu açıqladı. İstintaq Komitəsi, təcavüzkarın 18 yaşındakı Vladislav Roslyakov olduğunu təyin etdi. Kollecə tüfənglə girərək tələbələrə atəş açdığı anın təhlükəsizlik kameraları tərəfindən qeyd edildiyini söylədi. Hücumdan sonra Kırım bölgəsində və Qaradəniz ətrafında təhlükəsizlik tədbirləri gücləndirildi.
  6. 2020-ci il yanvarın 5-də sərt odun parçaları, asid turşusu və müxtəlif vasitələrlə silahlanmış 50-dən çox maskalı şəxs Delhi, Jawaharlal Nehru Universitetinin kampusuna hücum etdi. Hücum nəticəsində 39-dan çox tələbə və müəllim xəsarət aldı. Bir çox tələbə ağır yaralanmışdı. Terrorçular hücuma müdaxilə etməyə, tələbələri qorumağa çalışan professorlara və yaralı şəxsləri daşıyan təcili yardım maşınlarına da hücum edirdilər. Şahidlər bildirdilər ki, şəhərcikdəki polislər terrorçuları dayandırmaq üçün müdaxilə etmədilər. Üç saat davam edən hücumu polis sadəcə kənardan izlədi və sonda terrorçular qaçıb aradan çıxdılar. Yaralanan 36 tələbə 24 saat ərzində evə buraxıldı. Yaralanan tələbələr və müxalif partiyalar bəzi siyası partiyaları və tələbə qruplaşmalarını hücumda günahlandırdı. Hindistanın milliyyətçi təşkilatı olan ABVP hücumla əlaqəsinin olmasına dair iddiaları rədd etdi və solçu partiyanı günahlandırdı. 6 yanvarda ABVP- nin Delhi ilə əlaqəli ortaq katibi Anima Sonkar televiziyada hadisə ilə bağlı videolarda görünən iki silahlı şəxsin ABVP üzvü olduqlarını etiraf etdi. Bununla bağlı hər hansı sübut ortaya çıxmasa da, hücuma səbəb kimi tələbələrin illik ödəniş artımına və Vətəndaşlıq Dəyişikliyi Qanununa qarşı səslərini yüksəltməsinin qarşısını almaq üçün təşkil edildiyi düşünülür. Hindistan polisi tərəfindən hücumu törətməkdə şübhəli bilinən bir neçə nəfər müəyyənləşdirildi və onlara sadəcə xəbərdarlıq edildi. Daha sonra hadisə ilə bağlı heç bir cəza tədbiri həyata keçirilmədi, şübhəlilərin izləri itirildi və polis səssizcə hadisənin üstünü bağladı.
  7. Dünya universitetləri arasında terror hücumuna sonuncu məruz qalan universitet Əfqənıstanın paytaxtında yerləşən Kabil Universitetidir. Noyabrın ikisində Kabil Universitetində yüksək vəzifəli şəxslərin iştirakı ilə “Əfqanıstan-İran Dostluq Kitab Sərgisi”nin açılışı zamanı partlayış baş verib, ardınca isə bir qrup silahlı şəxs universitetin hüquq fakültəsinin yaxınlığında insanlara atəş açmağa başlayıblar. Hadisə nəticəsində 35 nəfər həyatını itirib. Çox sayda yaralı vəziyyəti orta, ağır olmaqla xəstəxanaya yerləşdirilib. İnsidentin baş verdiyi əraziyə Əfqanıstanın xüsusi xidmət orqanlarının hərbçiləri cəlb edilib. Hücumu həyata keçirən silahlılardan üçü öldürülüb. Əfqanıstan hökuməti üç noyabr tarixini milli matəm günü elan edib.

Ali təhsil müəssisələrində baş verən terror hücumları ilə bağlı əksər tələbələrdə müəyyən qorxular yaranır. Hətta bu səbəblə universiteti məsafədən bitirən tələbələr də az deyil. Beynəlxalq Cəmiyyət Araşdırmaları Jurnalı (İnternational Journal of Society Researches) tərəfindən “Universitet Tələbələrində Terrora Məruz Qalma Qorxusunun Dəyərləndirilməsi” mövzusunda dünyanın bir çox universitetinin tələbələri arasında sorğu keçirilib. 2018-2019 cu illərdə bu sorğu Türkiyədə İstanbul universitetində də həyata keçirildi.

276 universitet tələbəsi arasında keçirilən sorğuda iştirak edənlərin 87,7 % – i baş verən terror hadisələrinin onların gündəlik həyatlarına psixoloji olaraq mənfi təsir etdiyini düşünür, 85,2% – i terror hücumları səbəbiylə ölkənin gələcəyi üçün narahat olduqlarını bildirir, 63,5% – i sadəcə təhlükəsizlik səbəbi ilə başqa ölkədə təhsil almağı düşünür. İştirakçıların 72,8% – i özünün, 75,4 % – i yaxınlarının uzaqda olacağı zaman terror hücumuna məruz qalacağı ilə bağlı narahat olduqlarını bildirirlər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində çox sayda universitet, orta məktəb, peşə məktəbi və kolleclər müəyyən silahlı şəxləsin, yaxud hər hansı terror qruplaşmasının hücumuna məruz qalıb. Buna bir neçə il öncə Amerikada 12 yaşlı şagirdin odlu silahdan istifadə etməklə müəllim və şagirdləri hədəf alması, çox sayda insanın yaralnması və həlak olmasını misal çəkə bilərik.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir